çərşənbə axşamı 27 oktyabr 2026 - 10:05
İran artıq elm və texnoloji qüdrətə əsaslanır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri elmin və texnologiyanın ölkənin qüdrətində strateji rolunu vurğulayaraq, istedadlı şəxsləri cəmiyyətin real problemlərinin həlli, fundamental elmlərin gücləndirilməsi, innovasiyaların inkişafı və universitetlə sənaye arasında əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərməyə çağırıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei dünya miqyaslı elmi və idman yarışlarında iştirak edərək medal qazanan istedadlı idmançılara ünvanladığı müraciətdə yeniyetmə və gənc istedadların elmi və idman sahələrində, eləcə də ölkədə ümidin, tərəqqinin və canlılığın təcəssümündə müstəsna rol oynadığını vurğulayıb. O bildirib ki, İranın daha da güclənməsinin əsas yolu istedadlı şəxslərin elm sərhədlərini aşmasıdır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri vurğulayıb ki, “Elm hakimiyyətdir” adlı ali strategiya çərçivəsində ölkənin tərəqqisi dərin və sürətli elmi yüksəlişi zəruri edir. Bu məqsədlə məsul şəxslər elmi sıçrayış üçün lazımi infrastrukturu və əlverişli şəraiti yaratmaqla yanaşı, istedadlı şəxslərin fərdi potensialından və kollektiv zəkasından maksimum dərəcədə bəhrələnməlidirlər.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin elm və idman sahələrindəki istedadlı şəxslərə ünvanladığı müraciətin əsas istiqamətləri:

İranın qüdrətinin elm və texnoloji potensialdan asılılığı

Dərin və sürətli elmi yüksəlişin zəruriliyi

İstedadlı şəxslərin ölkənin tərəqqisi və qüdrətinin möhkəmləndirilməsində rolu

Elmi və idman sahələrində medal qazanan şəxslərin təqdir edilməsi

İstedad anlayışının müxtəlif sahələri əhatə etməsi

İstedad nemətinə əməli şükür etməyin zəruriliyi

Ölkənin problemlərinin həlli istiqamətində elmin praktiki tətbiqi

Fundamental və humanitar elmlərin gücləndirilməsi

Elm sərhədlərinin aşılması və həllini tapmamış məsələlərin həlli

Yaradıcılıq və innovasiyaların dəstəklənməsi

Elm və texnoloji özünədayanıqlılığın gücləndirilməsi

Universitet, sənaye və bazar arasında əlaqələrin genişləndirilməsi

Bilik əsaslı şirkətlərin və yeni qurulan bizneslərin inkişafı

Su, torpaq, ərzaq və enerji kimi strateji əhəmiyyətli məsələlərə diqqətin yönəldilməsi

Süni intellektin və qabaqcıl texnologiyaların inkişafı

İstedadlı şəxslərin siyasətlərin hazırlanması və qərarların qəbulunda iştirakı

İstedadlı şəxsləri ümidsizliyə sürükləmək və onların potensialını zəiflətmək cəhdlərinə qarşı mübarizə

İranın dünyanın elm və texnoloji mərkəzlərindən birinə çevrilməsi

Fars dilinin dünyanın əsas elmi istinad dillərindən birinə çevrilməsi

İslam sivilizasiyasının formalaşdırılması


İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müraciətinin tam mətni bu axşam “Ölkəsini sevən medalçılar” adlı tədbir çərçivəsində elm və idman sahələrində medal qazanan şəxslərin təltif olunması mərasimində Höccətül-islam vəl-müslimin Hacı Əli Əkbəri tərəfindən oxunub.

Müraciətin tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə

Bu günlər bəzi rəvayətlərə görə, cənnət xanımlarının sərvəri həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf edir. Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət tarixinin naməlum qalması, eləcə də o ilahi nurun dəfn edildiyi şərəfli məkanın gizli saxlanılması, eyni zamanda onun ali məqamının və dəyərinin insan idrakını aşaraq anlaşılmaz qalması həqiqətən də heyrət doğurur. O həzrət ibadətdə, Allaha bəndəlikdə və itaətdə nümunəvi şəxsiyyət, Peyğəmbərlə (s) yoldaşlıqda, İmam Əlinin (ə) vilayətini şücaətlə müdafiə etməkdə, mərifət öyrənmək və öyrətməkdə, zamanı düzgün qiymətləndirməkdə, haqq uğrunda qiyam etməkdə, müqavimət göstərməkdə və həqiqətləri bəyan etməkdə ən ali örnəkdir. O həzrət səbir, fədakarlıq, fədailik, Allaha xatir xidmət və cəmiyyətdə həmrəylik göstərməkdə birinci dərəcəli nümunə, eləcə də həyat yoldaşı və ana olmaqda, həmçinin bəşəriyyətin rəhbərləri olan pak İmamların (ə) övladlarını və nəslini tərbiyə etməkdə örnəkdir. Həmçinin çalışqanlıq, səy, mübarizə, o cümlədən mənəvi gözəllik, təqva, nuranilik və mənəviyyat baxımından da nümunəvi şəxsiyyətdir. Bir sözlə, o həzrət imanlı bütün qadın və kişilər üçün örnəkdir. Həzrət Fatimeyi-Zəhranın (s.ə) örnək məktəbinin cəmiyyətə bəxş etdiyi parlaq fəzilətlərdən biri də İran xalqı üçün böyük ictimai hərəkatların, mübarizə və cihad meydanlarında iştirakın, xalq hərəkatlarının, hətta elmi sahələrdə tərəqqiyə nail olmaq iradəsinin, eləcə də təvazökar və Allaha xatir olan xidmətin yol xəritəsini müəyyənləşdirməsidir.

İran bu tarixi mərhələdə daha çox iradə və ümidin təcəssümü kimi çıxış edir. İstedadlı və bacarıqlı iranlı gənclərin bu ümidin və tərəqqinin formalaşmasında, ölkənin parlaq gələcəyinə doğru addımlamasında rolu əvəzsizdir. Bununla belə, istedad anlayışı yalnız elm və texnologiya, idman və müxtəlif bacarıq sahələri ilə məhdudlaşmır. Müsbət və arzuolunan hər cür fərqlənmə istedadın təzahürü ola bilər.

Bu günlər biz bu torpağın daha geniş üfüqləri hədəf alaraq vətənin müqəddəs bayrağını ucaltmaq uğrunda mübarizə aparan seçkin insanlarının istedad və bacarıqlarının təzahürünün şahidiyik. Onlar bəsirət və cihad istedadına malik insanlardır. Rizəli, Xacu və Əli Ləndi kimi istedadlı şəxsiyyətlərin adları mədəniyyət müəssisələrinin girişində yazılmalıdır. Bu qəbildən olan cəmiyyətimizin seçilən simaları sırasında İran İslam Respublikasının və əziz xalqımızın taleyinə misilsiz təsir göstərmiş şəxsiyyətlərin, o cümlədən canlarını, mallarını və sağlamlıqlarını fəda edərək Allaha bəndəlik yolunda öz mükafatını qazanmış şəhidlər və fədakar insanlar da yer alırlar.

İlk növbədə, fürsətdən istifadə edərək astronomiya və astrofizika, riyaziyyat, coğrafiya, fizika, kimya, biologiya, kompüter elmləri və süni intellekt, humanitar elmlər üzrə olimpiadalarda qazanılmış çoxsaylı mükafat və medalları, eləcə də son dövrlərdə idman sahəsində əldə edilmiş müxtəlif nailiyyət və uğurları qazanan hər bir kəsi təbrik edirəm. Eyni zamanda, yeniyetmə və gənclərdən tutmuş məşqçilərə, müəllimlərə, professorlara və ziyalı şəxslərə qədər istedadlı təbəqənin bütün nümayəndələrinin, şərəf və ümid yolunun önündə gedənlərin, ölkənin tərəqqisinə rəhbərlik edənlərin əzm və iradəsini təqdir edir, onlara minnətdarlığımı bildirirəm.

İstedadlı şəxslərin ölkədə dəyişikliklərə nail olmaq əzmi və ümidi illər və onilliklər ərzində yaxından və uzaqdan müşahidə etdiyim parlaq bir məşəldir. Ölkəmizdə istedadlı şəxslərin və elmi hərəkatın möhtəşəm və ümidverici inkişafını, bu hərəkatın elmi fənlərdə, olimpiadalarda və idman sahələrində dəfələrlə, ardıcıl şəkildə və hər il qazanılan çempionluqlarda təzahürünü görmək bütün İran xalqı üçün qürur və iftixar mənbəyidir.

Ölkəmizin zəhmətkeş idmançılarının son günlərdə və aylarda müxtəlif idman növləri üzrə qazandıqları yüksək nəticələr və müəyyənləşdirdikləri yeni rekordlar onların səylərindən, əzmkarlığından, iradəsindən və imanından xəbər verir.

Fiziki güc, mənəviyyat, əxlaq və iman, eləcə də yorulmaz səyləri ilə dünya xalqlarının gözü qarşısında İranın qüdrətini artıran və əziz İran xalqının ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirən idmançılar, həmçinin iranlı qadının qürurverici geyim tərzini beynəlxalq arenada layiqincə təmsil edən qadın idmançılar İran xalqının qəlbində sevinc və ruh yüksəkliyi yaradan, İran İslam Respublikasının bayrağına şərəf gətirən idmançıların hər biri öz töhfəsi ilə güclü İran adının qazanmasında iştirak edir və mühüm rol oynayır.

Bu günlər universitetlərdə, dini təhsil ocaqlarında və məktəblərdə elmə və tədqiqata marağın artdığı, ruh yüksəkliyinin hökm sürdüyü bir dövr olduğundan, bilik həvəskarları, xalqımızın istedadlı nümayəndələri və əziz İranın ziyalıları ilə bu mövzuda qısa fikirlərimi bölüşməyi məqsədəuyğun hesab edirəm.
İstedadlı olmaq ilahi nemət və bəxşişdir. Bu nemətin əsasını istedad və intellektual qabiliyyət təşkil edir. İran xalqı, xüsusilə də ölkəmizin gəncləri Allahın bəxş etdiyi bu böyük nemətə və misilsiz sərvətə sahibdirlər. Ağıl və bəndəlik bunu tələb edir ki, insan ilahi nemətin şükrünü layiqincə yerinə yetirsin. Şükür qəlb, dil və əməl mərhələlərinin hər birində öz ifadəsini tapdıqda, həmin nemətin kamillik həddinə çatması üçün lazımi zəmin yaranır.

İstedad nemətinin qədrini bilmək, ilk növbədə, istedadlı şəxsin özündən başlamalı, sonrakı mərhələlərdə isə onun ətrafında olan insanlar və mühit tərəfindən də həyata keçirilməlidir. Bu proses valideynlərdən və ailə üzvlərindən tutmuş müəllim və professorlara, məktəb və universitet mühitindən ölkənin bütövlükdə idarəetmə sisteminə qədər bütün səviyyələri əhatə etməlidir. Məhz bu yolla istedadlı şəxsin potensialını inkişaf etdirmək, onu daha da artırmaq və mövcud imkanlardan düzgün istifadə etmək mümkündür. Bu baxımdan, istedadlı şəxsin həmin nemətə əməli şükür etmək qarşısında daha böyük məsuliyyəti vardır. Ona görə də o, öz istedadını inkişaf etdirməklə və potensialını gücləndirməklə yanaşı, malik olduğu qabiliyyətləri ölkənin və cəmiyyətin problemlərinin həllinə ən səmərəli şəkildə yönəltməlidir.

İstedadlı insan yalnız yüksək istedada və diqqətəlayiq intellektual qabiliyyətə malik olduğuna görə özünü başqalarından üstün tutan, yalnız ötəri və şəxsi istəkləri barədə düşünən şəxs deyildir. Əsl istedadlı insan öz qabiliyyətlərinin inkişafını daim diqqət mərkəzində saxlayan, cəmiyyətdə özünü təsirli və faydalı bir qüvvə kimi dərk edən, malik olduğu istedad və potensialdan həm şəxsi inkişafı, həm də cəmiyyətinin tərəqqisi naminə eyni vaxtda bəhrələnən insandır.

İranlı istedadlı şəxslər sübut ediblər ki, bilik və istedadı, xalqın və ölkənin real problemlərinin həlli vasitəsinə çevirmək mümkündür. Onlar nanotexnologiya və biotexnologiyalardan tutmuş aerokosmik sahədə qabaqcıl texnologiyalara, sənaye, mədənçilik, tibb, kənd təsərrüfatı, nüvə texnologiyası, enerji və infrastruktur sahələrinə qədər geniş bir istiqamətdə elmi biliklərin və istedad potensialının praktik tətbiqinə nail olmağa çalışıblar. Hamımız bu ardıcıl inkişafın nəticələrini və təzahürlərini real həyatda müşahidə edirik.

Elektrik stansiyalarında İran istehsalı olan turbinlər vasitəsilə elektrik enerjisinin istehsalı, ölkənin cənubundakı adalarda dəniz suyunun duzsuzlaşdırılması qurğularında bilik əsaslı texnologiyaların tətbiqi, kənd təsərrüfatı əməliyyatlarının, habelə su və torpaq ehtiyatlarından istifadənin optimallaşdırılması məqsədilə şimal bölgələrinin əkin sahələri, bağları və çəltik zəmiləri üzərində kənd təsərrüfatı dronlarının uçuşları, Royan institutunun qabaqcıl texnologiyaları vasitəsilə sonsuzluq problemi ilə üzləşən ailələrdə övladların dünyaya gəlməsi, radiofarmasevtik preparatlar vasitəsilə çətin müalicə olunan xəstəliklərin diaqnostikası və müalicəsi, müşahidə peykləri vasitəsilə torpaq, su və kənd təsərrüfatı məhsullarının monitorinqi, elmi və texnoloji yeniliklər sayəsində məhsuldarlığın və ərzaq təhlükəsizliyinin yüksəldilməsi bu böyük və bərəkətli fəaliyyətin sadalana biləcək nümunələrindəndir. Bu qəbildən olan bir çox digər nailiyyətlər də xüsusilə müdafiə və hərbi sahələrdə əldə olunan uğurlar, vaxtilə dəfələrlə dünya ictimaiyyətinin diqqətini cəlb etmiş və gələcəkdə də belə olacağı şübhəsizdir.

Güclü İran elm və texnoloji qüdrət üzərində qurulur. Bu istiqamət İranın yeni dünya nizamında və beynəlxalq münasibətlər sistemində rol oynamasını təmin edən ən mühüm amillərdən biridir. Deməli, ölkənin daha da güclənməsinin əsas açarı istedadlı şəxslərin elmi sahələrdə mövcud sərhədləri aşması və ölkənin elmi problemlərinə həll yolları tapmasıdır. İran İslam Respublikasının düşmənlərinin alimlərə və istedadlı şəxslərə qarşı törətdikləri cinayətlər və göstərdikləri bədxahlıq da onların ölkənin qüdrətinin möhkəmləndirilməsində nə dərəcədə mühüm rol oynadıqlarının göstəricisidir.

İranda baş vermiş son müharibələr zamanı, eləcə də onlardan illər əvvəl elmi mühitdə və gündəlik həyat şəraitində cəmiyyətimizin görkəmli alimlərini və mühüm rol oynayan istedadlı şəxslərini terror edən düşmən İranın tərəqqisini və qüdrətini görməyə dözə bilmir. O, əziz İranımızın istedadlı şəxslərini zəiflətmək məqsədilə bütün vasitə və üsullardan istifadə edir. Bu vasitələrə onların ümidsizliyə sürüklənməsi və məyus edilməsi, şüur və ruhlarına hakim olunması, yeni müstəmləkəçiliyin təsir dairəsinə salınmaları, habelə Qərbin talançılıq və kapital hakimiyyətinə əsaslanan sisteminin mexanizmlərinə çevrilmələri daxildir. Lakin düşmən bir həqiqəti nəzərdən qaçırır. Bu xalqın şəhid olmuş elmli şəxslərinin, alimlərinin, professorlarının, tələbələrinin və məktəblilərinin axıdılan hər damla qanı iradə və tərəqqi tufanını doğurub və doğurmaqda davam edir.

İran xalqı qədim sivilizasiya tarixini, elm və texnika sahələrində qazandığı çoxsaylı nailiyyətləri, eləcə də dünya miqyasında tanınmış görkəmli alimlərini xatırlayır. Bununla yanaşı, bu xalq Qacarlar və Pəhləvilər dövründə yaşanmış iki əsrlik kəskin geriliyi və tarixi passivliyi də unutmur. İran xalqı qalibiyyətli və strateji əhəmiyyətə malik “اَلعِلمُ سلطان” — “Elm hakimiyyətdir” prinsipinin dəyərini, Qərbin elmi hökmranlığını qəbul etməməyin əhəmiyyətini, eləcə də son üç onillikdə istedadlı şəxslərin elmi və tədqiqat fəaliyyətində əldə olunan sürətli inkişafın nəticələrini dərk edir. Bu inkişafın əhəmiyyətli bir hissəsi şəhid Ayətullah Seyid Əli Xameneinin xüsusi tədbirləri və rəhbərliyi sayəsində mümkün olmuşdur.

Əgər indiki mərhələyə və son müharibəyə qədər yeni elmi yüksəliş istedadlı şəxslərə ünvanlanan zəruri və vacib bir tövsiyə idisə, son müharibənin təcrübəsi bu yeni elmi yüksəlişin daha dərin və sürətli olmasının vacibliyini hamıya sübut etdi. Bu məqsədə nail olmaq üçün elmi, tədqiqat və texnologiya qurumlarının məsul şəxsləri ilə yanaşı, əziz İranımızın hər bir istedadlı və müdrik insanı da İran İslam Respublikasının şanlı gələcəyinin qurulması, ölkənin tərəqqisi və abadlaşdırılması istiqamətində öz əsas vəzifəsinə ciddi yanaşmalı və aşağıdakı məqamları diqqətdə saxlamalıdır.

Birincisi, ölkədə fundamental elmlərin və humanitar elmlərin inkişafı üçün ciddi, konkret və dəqiq işlənib hazırlanmış əməli fəaliyyət proqramı mövcud olmalıdır. Fizika, kimya, biologiya elmləri və riyaziyyat kimi fundamental elmlərin inkişafı və genişləndirilməsi digər elmlərin və tətbiqi texnologiyaların əsasını təşkil edir, eyni zamanda ölkənin elmi və texnoloji tərəqqisinin hərəkətverici qüvvəsi rolunu oynayır. Hər bir xalqın inkişaf və tərəqqidə əldə etdiyi nailiyyətlərin təməlində fundamental elmlər dayanır. Bu elmləri inkişaf etdirməyən ölkə isə daim geridə qalmağa məhkumdur.

İkincisi, hələ kəşf edilməmiş həqiqətlərin üzə çıxarılmasına diqqət yetirilməsi, fundamental elmlərdə mövcud sərhədlərin aşılması və bu sahələrdə, xüsusilə də riyaziyyat üzrə hələ də həllini tapmamış, məlum elmi problemlərin həlli uğrunda davamlı mübarizə və rəqabət əsas məqsəd və hədəflərdən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır.

Üçüncüsü, elmi yüksəlişin əsas və həlledici amili yaradıcılıq və innovasiyadır. Bütün elmlərin və ya onların əksəriyyətinin inkişafında, eləcə də yeni imkanların açılmasında əsas rol oynayan yaradıcılıq və müsbət təxəyyül üçün geniş imkanların yaradılması, ixtiraçılıq, yaradıcılıq və yenilikçilik istiqamətində elmi cəsarətin təşviq edilməsi, habelə yeni və indiyədək sınaqdan keçirilməmiş yolları sınamaq üçün fərdi və milli özünəinamın gücləndirilməsi son dərəcə zəruri və faydalıdır. Səmərəli və əhəmiyyətli yaradıcılıq nümunəsi ortaya qoya bilən hər kəs üçün məqbul və cəlbedici təşviq mexanizmlərinin müəyyənləşdirilməsi də bu istiqamətdə əlverişli şəraitin yaradılmasına mühüm töhfə verə bilər.

Dördüncüsü, elmi problemlərin həllində özünədayanıqlılığın təmin edilməsi, zəruri infrastrukturun yaradılması və ölkə hüdudlarından kənarda da fəal fəaliyyət göstərmək üçün texnoloji sahədəki əsas maneə və məhdudiyyətlərin aradan qaldırılması ölkə daxilində möhkəm potensialın formalaşdırılması ilə qlobal miqyasda yeni imkanların açılmasını uzlaşdırır.

Beşincisi, xüsusilə tələbəliyin ilk illərindən etibarən sənaye ilə universitet arasında əlaqələrin qurulması və bilik əsaslı sahibkarlıq fəaliyyətinin asanlaşdırılması yolu ilə təcrübi və praktiki ixtisaslar üzrə təhsil alan istedadlı şəxslərin potensialından istifadə edilməsinə geniş imkanların yaradılması elmi biliklərin tətbiqi və istedadlı şəxslərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkənin elmi və texnoloji potensialının vahid istiqamətdə səfərbər edilməsi, istedadlı şəxslərlə elm və tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, bilik əsaslı şirkətlərin, sənaye müəssisələrinin və hətta yeni qurulan bizneslərin bu prosesə cəlb olunması, eləcə də icra hakimiyyəti orqanlarının bilikdən başlayaraq onun istehlakına qədər uzanan bütün mərhələləri əhatə edən zəncirə dəstək verməsi ölkənin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin həllinə xidmət edə bilər. Su, torpaq, ərzaq və enerji kimi strateji əhəmiyyətli məsələlərdən tutmuş süni intellektə qədər geniş sahələri əhatə edən bu yanaşma professor və tələbələrin elmi fəaliyyətini universitetlərin və tədqiqat mərkəzlərinin laboratoriyalarından emalatxanalara və fabriklərə bağlaya, elmi biliklərin praktik istehsalatla əlaqəsini təmin edə bilər. Sürətli və hərtərəfli elmi sıçrayış yalnız o zaman gerçəkləşə bilər ki, iqtisadi maraqlar və məhsul, eləcə də xidmətlərin kommersiyalaşdırılması imkanları istedadlı şəxslərin motivasiyası və iradəsi ilə uzlaşdırılsın, elm və tədqiqat müəssisələri ilə sənaye və istehlak bazarı arasında möhkəm, davamlı və fasiləsiz əlaqə yaradılsın.

Bununla yanaşı, universitetlərdə və elmi hövzələrdə nəzəri və təcrübə ixtisasları üzrə fəaliyyət göstərən istedadlı şəxslərin planlaşdırma və siyasətlərin müəyyənləşdirilməsi səviyyələrində birbaşa və səmərəli iştirak etməsi ölkənin tərəqqisinə mühüm töhfə verəcəkdir. Məsul şəxslər üzərlərinə düşən vəzifəni yerinə yetirərkən istedadlı şəxslərin fərdi potensialından, intellektual imkanlarından, habelə onların kollektiv ağıl və mühakiməsindən geniş şəkildə bəhrələnməlidirlər.

Əgər bu yol düzgün şəkildə qət edilərsə, elmi biliklərin əsas mərkəzləri və nüvələri, xüsusilə fundamental elmlərin bəzi sahələri tədricən Qərb ölkələrindən İrana keçəcəkdir. Nəticədə, çox da uzaq olmayan gələcəkdə İran elmi və texnoloji istinad mərkəzinə çevriləcək, şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) fars dilinin dünyanın əsas elmi istinad dillərindən birinə çevrilməsi ilə bağlı irəli sürdüyü məqsəd də həyata keçiriləcəkdir.

İnşallah, istedadlı şəxslər sırasından şəhid olanların qanı və sərvərimiz, mövlamız həzrət Sahibəz-Zamanın (ə.f) xeyir-duası sayəsində xalqımızın istedadlı və müdrik nümayəndələrinin dərin və sürətli elmi yüksəlişi, eləcə də getdikcə daha da güclənən İranın hərtərəfli tərəqqisi yeni İran İslam Respublikasının sivilizasiyasına çatmaq yolunda gerçəkləşəcək və mümkün olacaqdır.

Ayətullah Seyid Müctəba Hüseyni Xamenei

26 oktyabr 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha